Aba güləşi
Hatay və Qaziantepdə «aba» adlı qalın üst geyimi ilə aparılan güləş.
Xalqlarda adları
- aşırtmalı aba güreşi (Türkiyə türkləri)
Haqqında
Aba güləşi türklərin çox qədim çağlardan bəri apardığı ənənəvi güləş növüdür; xüsusən Qaziantep və Hatay bölgələrində yayılıb. Adını güləşçilərin geyindiyi «aba»dan — qalın yundan toxunan jiletdən alır. Güləşçilər keçə aba və qısa şalvar geyinir, bellərinə qurşaq bağlayırlar; çəki fərqi nəzərə alınmır.
Əvvəllər aba güləşi xırman vaxtı və toylarda keçirilirdi, indi daha çox festival və şənliklərdə göstərilir. Hatayın Altınözü rayonunda hər il ənənəvi güləş festivalı olur. Türkiyədə bu güləşi Ənənəvi Güləşlər Federasiyası idarə edir.
Qaydaların xülasəsi
Aba güləşinin iki üslubu var. Qaziantepə məxsus «aşırtmalı» üslubda rəqib arxası və ya qarnı üstə yerə düşəndə, yaxud tutuşu buraxanda məğlub sayılır. Hataya məxsus «kapışmalı» üslubda isə rəqibin hər iki çiyni yerə dəyəndə və ya o, «körpü» vəziyyətinə düşəndə qələbə qazanılır. Güləş adətən ayaq üstə aparılır.
Türkiyə Ənənəvi Güləşlər Federasiyasının «aşırtmalı aba güləşi» təlimatına (2023) görə, güləşçilər dörd yaş dəstəsinə və çəki dərəcələrinə bölünür. Uşaqlarda görüş hər biri 5 dəqiqəlik üç hissədən, gənclərdə və böyüklərdə hər biri 10 dəqiqəlik üç hissədən ibarətdir; 90 kiloqramdan ağır dərəcədə üçüncü hissənin vaxt həddi yoxdur — görüş biri yenənə qədər davam edir. Güləşçi keçi qılından, yundan və ya pambıqdan toxunmuş aba və dizdən yuxarı şort geyinir, ayaqyalın çıxır. İlk tutuşu kimin alacağı püşklə müəyyən olunur.
Güləşçi kürəyi üstə düşəndə, üzüqoylu yerə gələndə, yanı üstə — çiyni və ombası eyni anda yerə dəyməklə — düşəndə və ya rəqib onu yerdən tam qaldıranda məğlub sayılır; tutuşu alan güləşçi əlini buraxsa, o da uduzur. Güləşçi meydandan çıxanda, abanın qurşağı açılanda və ya aba başa keçəndə hakim görüşü dayandırır.
Xalqlar
Araşdırma: Vasif Namazov, Turan Oyunları Konsepsiyası