Qılınc-qalxan

Döyüş oyunu.

Haqqında

Qılınc-qalxan qılınc və qalxanla göstərilən Bursa xalq oyunudur. Rəvayətə görə, o, Osman Qazi və oğlu Orxan Qazi Bursanı mühasirəyə alarkən əsgərlərin göstərdiyi qılınc-qalxan nümayişlərindən yaranıb. Oyun musiqisiz oynanılır: ritmi qılıncların və qalxanların bir-birinə dəyən səsi verir.

Dəstəyə «kolbaşı» başçılıq edir və hərəkətlərin ardıcıllığını o müəyyən edir. Oyunçular keçə papaq, köynək, jilet, şalvar və qurşaq geyinirlər — geyim Osmanlı əsgər paltarını xatırladır.

Tarix

TRT Haberin yazdığına görə, oyun 1326-cı ildə Bursanın alınmasından sonra əsgərlərin qələbəni qılınc və qalxanla bədahətən göstərdikləri hərəkətlərlə qeyd etməsindən yaranıb. XX əsrin əvvəllərində Mustafa Tahtakıran İnebəy mədrəsəsində bədən tərbiyəsi dərslərində oyunu öyrədərkən onu xoreoqrafiya şəklində yenidən düzənləyib və oyun geniş tanınıb.

1956-cı ildə Tahtakıran Qılınc-Qalxan Xalq Oyunları Dərnəyi qurulub. Dərnəyin üzvü Şevkət Şardağ 1956-cı ildən bəri — 2022-ci ildə 92 yaşında ikən altmış altı il idi ki — oyunu göstərirdi.

Osmanlılarda qılınc işlətmək hərbi tərbiyənin bir pilləsi idi: uşaq dörd-beş yaşından at minməyi və güləşməyi, yeddi yaşından sonra ox atmağı, gənc yaşa çatanda isə qılınc işlətməyi və gürz yelləməyi öyrənir, bununla döyüşə gedə biləcək hazırlığı başa vururdu.

Qılınc döyüşünə hazırlıq üçün matraq oyunundan istifadə olunurdu: üstünə dəri çəkilmiş, başı yumru yoğun çomaqla — «matraq»la və yumru yastıqla iki rəqib vuruşurdu. 1529-cu ildə Matrakçı Nasuh ox, qılınc, qalxan, topuz, nizə və at təlimlərini əhatə edən «Töhfətül-Ğüzat» əsərini yazıb. Evliya Çələbi Ərzurumda paşaların gürz, matraq və qılınc oyunları oynadığını qeyd edir.

M. Kapanşahinin Osmanlı salnaməçilərinə əsasən yazdığına görə, 1530-cu il sünnət toyunda meydana düzəltmə qalalar gətirilib. Nasuh usta dəri və kağızdan iki qala qurub, hər birinə yüz əsgər yerləşdirib: üzlərində siperlik, başlarında dəbilqə, bellərində qılınc, yanlarında yay və ox. Axşama yaxın başlayan döyüş bütün gecə davam edib, iki tərəfin əsgərləri bir saata yaxın qılınc və nizə ilə vuruşublar.

Salnaməçi yazır ki, hücum, müdafiə və əks-hücum hərbi düşüncə ilə qurulmuşdu və bu, əyləncə olmaqla yanaşı əməli döyüş oyunu sayılırdı; padşah da ustanın hünərini təqdir edib.

Xalqlar

Araşdırma: Vasif Namazov, Turan Oyunları Konsepsiyası

Mənbələr

  1. Türkiyə Ənənəvi İdman Federasiyası — Vikipediya
  2. Şəkil: Alicinar2035, CC BY-SA 4.0 — Wikimedia Commons
  3. Kılıç Kalkan — Vikipediya (türkcə)
  4. 66 yıldır kılıç-kalkan oyununu sergiliyor — TRT Haber, 01.12.2022
  5. H. Akın Zorba, Evliya Çelebi Seyahatnâmesi'ne Göre Osmanlı İmparatorluğu'nda Spor — IntJSCS, 2014, s. 722, 729
  6. M. Kapanşahin, Kanuni Sultan Süleyman’ın Çocuklarının Sünnet Düğününde Oynanan Oyunlar — Türk Halklarının Geleneksel Spor Oyunları, Bişkek, 2015, s. 99–107