Tepük
XI əsr, Kaşğarlı Mahmud: keçi tükünə bükülmüş qurğuşun topu ayaqla vururdular.
Haqqında
Tepük XI əsrdə Kaşğarlı Mahmudun «Divanü Lüğat-it-Türk» əsərində təsvir etdiyi oyundur. Onun yazdığına görə, qurğuşun əridilib iy başlığı (ağırşaq) şəklində tökülür, sonra bu yumru əşyanın üstü keçi tükü və ya başqa yumşaq bir şeylə sarınırdı. Oğlan uşaqları onu ayaqla vuraraq oynayırdılar.
«Tepük» sözü «vurmaq, təpiklə vurmaq» mənalı feldən yaranıb. Kaşğarlı oyun haqqında bundan artıq məlumat vermir, ona görə də qaydaları məlum deyil.
N. Abdimitalip uulunun yazdığına görə, oyunun bu günə çatmış variantlarına ilk dəfə Qazi Universitetinin professoru İ. Yıldıran diqqət çəkib (2002): qırğızlarda «lyanqa təpmə», türkmənlərdə «para təpmə», uyğurlarda «tepçük». Bu oyunlarda ovuc boyda qoyun və ya keçi dərisinə əridilmiş qurğuşun yapışdırılır və onu yerə salmadan ayaqla vurub havada saxlayırlar. Müəllif «lyanqa» adını farsca «ləng» — «axsaq» sözü ilə bağlayır: oynayan adamın hərəkəti axsayan adamı xatırladır.
Araşdırma: Vasif Namazov, Turan Oyunları Konsepsiyası
Mənbələr
- Tepük — ResearchGate
- S. Aydın, Kaşgarlı Mahmud ve Eseri Dîvânü Lugati't-Türk, bölmə 4.6, s. 20
- Şəkil: «Divanü Lüğat-it-Türk» əlyazması, ictimai mülkiyyət — Wikimedia Commons
- Н. Абдимиталип уулу, Махмуд Кашгаринин «Диван Лугат ат-Түрк» сөздүгүндө кездешкен «Тепүк» оюну тууралуу — Türk Halklarının Geleneksel Spor Oyunları, Bişkek, 2015, s. 153–155