Mayir topu

Xokkeyə bənzər oyun (Xətən). 2021-dən Çinin irs siyahısında.

Haqqında

Mayir topu Xotən bölgəsindən gələn qədim uyğur oyunudur: oyunçular ağac çubuqlarla sıx hörülmüş topu vururlar. 2021-ci ildə oyun Çinin milli qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Sinxua agentliyi oyunu otüstü xokkeyə bənzədir, amma fərqini də göstərir: qapıçı yoxdur, meydanın ölçüsü və oyunçuların sayı ciddi müəyyən edilmir — bir neçə nəfər də oynaya bilər, onlarla adam da. Keriyə (Yutyan) nahiyəsinin komandası ilk dəfə 2019-cu ildə Cenqcouda keçirilən Çin azsaylı xalqlarının XI Ənənəvi İdman Oyunlarında, sonra 2024-cü ildə Sanyadakı XII Oyunlarda çıxış edib; kapitanı orta məktəb müəllimi Umarcan Memetmindir.

Oyunun yaşaması üçün nahiyənin təqaüdçü idman işçisi Metrozi İmin iyirmi ildən çoxdur çalışır; yerli hakimiyyət onu məktəblərə gətirməyi planlaşdırır. «China Daily»nin yazdığına görə, 2025-ci ilin aprelində kəndlilər mayir topunu etnik qrupların XXIX kütləvi idman oyunlarının açılışında oynayıblar.

Tarix

Çinin qeyri-maddi mədəni irs portalına görə, oyunun 900 ildən çox tarixi var; o, əsasən Xotən vilayətinin Keriyə (Yutyan) nahiyəsinin düzənlik kəndlərində yayılıb və milli siyahıya da bu nahiyənin təqdimatı ilə salınıb. Bu, ilk növbədə əkinçilərin əyləncəsidir: tarla işlərindən boş vaxtlarda və bayramlarda oynanılır, xüsusi avadanlıq və xərc tələb etmir.

Qaydaların xülasəsi

Oyunçular iki dəstəyə bölünür; hər dəstədə iki nəfərdən iyirmi nəfərə qədər ola bilər. Hər kəs ucu «7» rəqəmi kimi əyilmiş, təxminən bir metrlik ağac çubuqla oynayır; metal çubuq qadağandır. Gündüz oyununun topu pambıq və ya yundan sarınır, üstünə parça tikilir, diametri təxminən 8 santimetrdir. Gecə oyununda söyüd və ya qovaq ağacının qurudulmuş göbələyi yandırılır və «od topu» kimi vurulur.

Meydan hamar yerdə qurulur, qapılar ağac payalar və ya daşlarla nişanlanır. Topu əllə tutmaq, ayaqla vurmaq, adama vurmaq və rəqibin yolunu kəsmək olmaz. Yaşlılar 15, gənclər 30 dəqiqə oynayır.

Xalqlar

Araşdırma: Vasif Namazov, Turan Oyunları Konsepsiyası

Mənbələr

  1. Uyğur davazı və mayir topu — Xinhua
  2. 曲棍球(维吾尔族曲棍球)— Çinin qeyri-maddi mədəni irs portalı (ihchina.cn), V milli siyahı, 2021
  3. İllüstrasiya: süni intellektlə hazırlanıb, Komitə təqdim edib
  4. Ancient Uygur sport shines at China's National Traditional Games of Ethnic Minorities — Xinhua / People's Daily Online, 26.11.2024
  5. A unique sporting celebration — China Daily, 26.04.2025